Tramp və fon der Lyayen görüşdü: Gündəmdə Rusiya var

Dünya

29.07.2025 16:29

ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iyulun 27-də Şotlandiyada keçirilən danışıqlar zamanı Rusiyanın ticarət tərəfdaşlarına qarşı tətbiq olunacaq 100 faizlik ABŞ tariflərinin tezləşdirilməsi məsələsini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Stefan de Keersmaeker Brüsseldə keçirilən brifinqdə məlumat verib.

"Bəli, bu məsələ konsultasiyalar zamanı gündəmə gətirilib", - deyə o bildirib. De Keersmaekerin sözlərinə görə, tərəflər ABŞ-nin Avropa İttifaqına qarşı nəzərdə tutduğu tariflərin azaldılması ilə bağlı müzakirələr fonunda Rusiyanın ticarət tərəfdaşlarına qarşı tariflərin daha tez tətbiq olunması məsələsinə də toxunublar.

Xatırladaq ki, Tramp bundan əvvəl Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunması üçün 50 günlük müddət verdiyini, bu müddət başa çatdıqdan sonra isə Moskva və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik tariflər tətbiq edəcəyini açıqlamışdı.

Lakin bu həftənin əvvəlində Tramp Rusiyadan və münaqişənin həllində irəliləyişin olmamasından məyus olduğunu bildirmiş və bu səbəbdən sözügedən müddətin 10–12 günə endirildiyini bəyan etmişdi. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə danışmaqda artıq maraqlı olmadığını qeyd etmiş, lakin bu əlaqələrin məhz hansı mövzuda olacağını dəqiqləşdirməmişdi.

Töhfə Səməd 

tag: ABŞ ,Donald Tramp,Avropa Komissiyası,Ursula fon der Lyayen,Todaypress.tv,