Tramp külək elektrik stansiyalarını ekoloji “dələduzluq” adlandırdı

Dünya

28.07.2025 17:16

ABŞ Prezidenti Donald Tramp külək elektrik stansiyalarını “ekoloji fırıldaq” adlandıraraq, onların təbiətə zərər verdiyini və quşları öldürdüyünü bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın "The Times" nəşri məlumat yayıb.

Tramp bu fikirlərini Şotlandiyanın Turnberri kəndində yerləşən şəxsi qolf klubunda keçirdiyi mətbuat konfransında səsləndirib.

“Mən Avropaya deyirəm: biz Birləşmiş Ştatlarda belə külək turbinlərinin inşasına icazə verməyəcəyik. Onlar bizi məhv edir. Onlar bizim mənzərələrimizin, vadilərimizin və gözəl düzənliklərimizin gözəlliyini yox edir”, - deyə Tramp vurğulayıb.

Səfərinin üçüncü günündə Tramp bildirib ki, Şotlandiyanın Eyrşir bölgəsində yerləşən qolf meydançasının “18-ci dəliyindən” görünən mənzərə külək turbinləri səbəbilə pozulub. Onun sözlərinə görə, üfüqdə doqquz ədəd külək turbininin görüntüsü seçilir.

ABŞ prezidenti əlavə edib ki, külək turbinləri fikrini ekoloqlar irəli sürsə də, onlar əslində ekoloji cəhətdən zərərli texnologiyalardır. Çünki onların qanadlarında istifadə olunan liflər parçalanmır və torpağa basdırıla bilmir.

Tramp həmçinin qeyd edib ki, külək turbinlərinin yaratdığı səs-küy təbiətə mənfi təsir göstərir və onların qanadları quşları məhv edir. O, Massaçusets ştatında yerləşən bir bölgəni nümunə göstərərək deyib: “Son 20 ildə sahilə cəmi bir-iki balina çıxmışdı, lakin indi bu say 18-ə çatıb. Çünki külək turbinləri onları dəli edir”.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Külək,Elektrik,Todaypress.tv,