Tramp: "Artıq bir qəpik də almayacaqsınız!"

Dünya

28.06.2025 18:30

ABŞ Prezidenti Donald Tramp ölkədə kütləvi iğtişaşlarla əlaqəli olan təşkilatlara dövlət maliyyəsinin verilməsinin dayandırılması barədə göstəriş verib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində açıqlama yayıb.

Tramp bildirib ki, Kaliforniyadan olan respublikaçı konqresmen Kevin Kayli tərəfindən təqdim olunan və iğtişaşlarda iştirak edən və ya onların təşkilində rol oynayan təşkilatlara dövlət maliyyəsinin ayrılmasını qadağan edən qanun layihəsinin “təcili şəkildə qəbulunu” dəstəkləyir. Layihəyə əsasən, bu cür təşkilatlara vergi azadlığı statusu da verilməməlidir.

“Mən administrasiyama göstəriş verirəm ki, qanun layihəsindən asılı olmayaraq, bu radikal qruplara heç bir vəsait ayrılmasın. Onlara şəhərləri yandırıb dağıtmaq, iğtişaşlara təhrik etmək üçün pul verilir, sonra isə eyni fondlardan həmin şəhərləri bərpa etmək üçün maliyyə alırlar. Artıq bir qəpik də almayacaqsınız!”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, son həftələrdə ABŞ-nin bir sıra böyük şəhərlərində genişmiqyaslı etiraz aksiyaları keçirilib. Etirazçılar Tramp administrasiyasını qeyri-qanuni miqrasiyaya qarşı həddindən artıq sərt tədbirlər görməkdə və səlahiyyətlərini aşmaqda ittiham ediblər. Kaliforniyanın Los-Anceles şəhərində bu aksiyalar bir neçə dəfə iğtişaşlara çevrilib. İştirakçılar ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşlarına daş və pirotexniki vasitələr atıb, avtomobilləri yandırıb, mağazaları talayıb və infrastruktur obyektlərinə ziyan vurublar. Tramp bəyan edib ki, bu aksiyalar peşəkar təxribatçılar tərəfindən pulla təşkil olunub.

Töhfə Səməd

tag: ABŞ,Donald Tramp,Miqrasiya,Kaliforniya,Todaypress.tv,