Tramp Ağ Evi yeniləyir: 200 milyonluq bübcə
Dünya
01.08.2025 10:48
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə 200 milyon dollarlıq irimiqyaslı yenidənqurma layihəsi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə o, "NBC News"a müsahibəsində məlumat verib.
Trampın layihəsi çərçivəsində, Ağ Evdə ənənəvi olaraq birinci xanımın ofisləri kimi istifadə olunan Şərq Qanadının sökülməsi və onun yerində 90 min kvadrat metrlik yeni bal zalının tikilməsi nəzərdə tutulur. O bildirib ki, bu zal böyük tədbirlər zamanı Cənub Qazonda quraşdırılan çadırlara ehtiyacı aradan qaldıracaq.
Qeyd edilir ki, bu layihə Harri Truman dövründən bəri Ağ Ev kompleksində həyata keçirilən ən böyük dəyişiklik olacaq.
Tramp vurğulayıb ki, layihədə dünyanın ən tanınmış memarları iştirak edir və ona artıq bal zalının ilkin eskizləri təqdim olunub. O, zalın tikintisinin öz prezidentlik müddəti ərzində başa çatmasını planlaşdırır.
Tikintinin təxminən 200 milyon dollara başa gələcəyi gözlənilir. Tramp bu məbləğin şəxsi vəsaiti və ianələr hesabına maliyyələşdiriləcəyini, layihənin isə "ölkəyə hədiyyə" olacağını bildirib.
Türkan İsgəndərli
tag: ABŞ,Ağ Ev,Tramp,Yenidənqurma,Todaypress.tv,