Tokayev və Ərdoğan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarükün artırılmasını müzakirə etdilər-YENİLƏNDİ

Dünya

29.07.2025 20:30

Qazaxıstan və Türkiyə prezidentləri Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qazaxıstan neftinin ixracının artırılması perspektivlərini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, iki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası zamanı müzakirə olunub.

Tərəflər enerji sahəsində əməkdaşlığa toxunublar. Tokayev türk şirkətlərini elektrik enerjisi kəsirinin azaldılmasına yönəlmiş layihələrdə iştirak etməyə dəvət edib. O, həmçinin “KazMunaiGas” və “Turkiye Petroleum” arasında əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib.

Görüş zamanı hər iki tərəf Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, ticarətin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə də toxunub.

***

20:00

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında danışıqlar aparılıb.

TodayPress TV bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.

Tərəflər iki dövlət arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi yollarını ətraflı araşdırıblar. Ticarət-iqtisadi əlaqələrin inkişafı, investisiyaların cəlb edilməsi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub.

Tokayev səmimi qəbula görə Türkiyə dövlət başçısına təşəkkür edib. Ərdoğan isə öz növbəsində ikitərəfli münasibətləri yeni səviyyəyə çıxarmaq arzusunda olduğunu bildirib.

tag: Ankara, Ərdoğan,Kasım-Jomart Tokayev,