Tbilisidə hökumət əleyhinə yürüş keçirildi
Dünya
26.10.2025 20:59
Tbilisidə Respublika meydanından parlament binasına doğru “Sona qədər, qələbəyə qədər!” şüarı altında hökumət əleyhinə yürüş təşkil olunub.
TodayPress TV xəbər verir ki, aksiya parlament seçkilərinin birinci ildönümünə həsr edilib.
Etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini və saxlanılanların azadlığa buraxılmasını tələb ediblər.
Yürüşə müxalif siyasətçilərlə yanaşı Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili də qoşulub. O, iki gün əvvəl vətəndaşları aksiyada birliyə çağırmışdı.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası 54%-dən çox səs toplayaraq qalib gəlib. Seçkilərdən sonra ölkədə etirazlar davam edir. Etirazlar xüsusilə hökumətin Avropa İttifaqına üzvlük danışıqlarını 2028-ci ilədək təxirə salmasından sonra genişlənib.
tag: Gürcüstan,Aksiya,Etiraz,Parlament,Todaypress.tv,
