Tailand və Kamboca liderləri Malayziyada görüşəcəklər

Dünya

27.07.2025 16:00

Tailandın vitse-prezidenti Phumtham Veçayaçay və Kambocanın Baş naziri Hun Manet 24 iyul tarixində iki ölkənin sərhədində baş vermiş silahlı toqquşmadan sonra iyulun 29-da Malayziyada danışıqlar aparacaqlar.

TodayPress TV xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Moxamad Həsən açıqlama verib.

Nazir bildirib ki, həm Tailand, həm də Kamboca rəsmiləri bu məsələ ilə bağlı üçüncü ölkələrin müdaxiləsini istəmirlər və Malayziyanın vasitəçi qismində çıxış etməsinə tam etimad göstərirlər.

“Artıq hər iki ölkənin xarici işlər nazirləri ilə danışmışam. Onlar bu problemin digər ölkələrin müdaxiləsi olmadan, yalnız regional səviyyədə – ASEAN çərçivəsində həll olunmasının tərəfdarıdırlar. Onlar Malayziyanın vasitəçiliyini istədilər”, - deyə nazir bildirib.

Moxamad Həsən əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio ilə də telefon danışığı gözləyir. ABŞ tərəfi bu məsələdə vasitəçi olmağa hazır olduğunu bildirib. Lakin nazir hesab edir ki, ilk növbədə bu funksiyanı Malayziya yerinə yetirməlidir:

“Bu, ASEAN daxilində olan bir problemdir. Malayziya isə hazırda ASEAN-ın sədri kimi bu məsuliyyəti daşımalıdır”, - deyə o vurğulayıb.

Töhfə Səməd

tag: Tailand,Kamboca,Phumtham Veçayaçay ,Hun Manet ,Todaypress.tv,