“Stokholm sindromu” terminini dünyaya tanıdan şəxs vəfat etdi

Dünya

27.06.2025 17:50

İsveçdə 79 yaşında məşhur bank soyğunçusu və “Stokholm sindromu” anlayışının yaranmasına səbəb olan Klarq Ulofsson vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

1973-cü ildə Ulofsson Stokholmda bank qarətində iştirak etmiş və altı gün ərzində girov saxladığı şəxslərlə birgə polis mühasirəsində qalmışdı. Bu müddət ərzində girovlar oğrulara simpatiya bəsləməyə başlamış və sonradan məhkəmədə onların əleyhinə ifadə verməkdən imtina etmişdilər. Girovlardan biri — Kristin Enmark İsveçin Baş nazirinə etdiyi telefon zəngində belə demişdi: “Onlar bizə heç bir pislik etmədilər, əksinə — çox mehriban idilər”. Məhz bu paradoksal davranış “Stokholm sindromu” kimi tanınan psixoloji fenomenin adlandırılmasına səbəb olub.

Olaydan sonra Klarq Ulofsson həyatının böyük hissəsini müxtəlif ölkələrin həbsxanalarında keçirib. Onun həyatı 2022-ci ildə "Netflix" platformasında “Klarq” adlı serialda ekranlaşdırılıb.

Qeyd edək ki, “Stokholm sindromu” termini isveçli kriminoloq Nils Beyerot tərəfindən ortaya atılıb. Lakin bu anlayış hələ də psixoloji cəhətdən elmi əsaslı olub-olmaması baxımından müzakirə mövzusudur.

Töhfə Səməd

tag: İsveç,Stokholm sindromu,Klarq Ulofsson ,Todaypress.tv,