Şimali Koreya nüvə statusunu “müqəddəs” elan etdi
Dünya
15.09.2025 11:19
Şimali Koreya qanunvericilikdə nüvə silahlı dövlət statusunu “müqəddəs” elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə BMT-dəki Şimali Koreya nümayəndəliyi Koreya Mərkəzi Xəbər Agentliyi vasitəsilə ABŞ-nin denuklearizasiya tələblərini qınayan məlumat yayıb.
“Son günlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin iclasında ABŞ nüvə silahlarına sahib olmağımızı qeyri-qanuni elan etməklə və denuklearizasiya tələb etməklə ciddi siyasi təxribat törədib”, - deyə açıqlamada deyilib.
Bildirilib ki, Şimali Koreyanın nüvə silahlı dövlət statusu artıq ölkənin “ali və fundamental qanununda əbədi təsbit olunub” və bu, geri dönməzdir. Həmçinin ölkə artıq 30 ildən çoxdur ki, nüvə tənzimləyicisi ilə rəsmi münasibətlər saxlamır.
“AEBA-nın nə hüquqi səlahiyyəti, nə də nüvə silahına malik və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə tərəf olmayan dövlətin daxili işlərinə qarışmaq üçün əsasları var”, - deyə əlavə olunub.
Xatırladaq ki, Şimali Koreya 1994-cü ildə nüvə yoxlamaları ilə bağlı mübahisədən sonra agentlikdən çıxmışdı və Vaşinqtonu öz suverenliyinə müdaxilə etməkdə ittiham etmişdi.
Aysel Mətləb
tag: Şimali Koreya,Nüvə,Status,Müqəddəs,Todaypress.tv,