Rutte NATO Zirvəsinin əsas məqsədini açıqladı

Dünya

24.06.2025 18:10

NATO-nun Baş katibi Mark Rutte NATO Zirvə toplantısı çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birlikdə paneldə çıxış edib.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Rutte bildirib ki, bugün NATO-nun hərbi üstünlüyü, Çin texnologiyası ilə dəstəklənən, İran və Şimali Koreya silahları ilə təchiz olunmuş və sürətlə yenidən silahlanmaqda olan Rusiya tərəfindən aqressiv şəkildə təhdid edilir.

Forumun məqsədinin birlik ruhu ilə hərəkət etmək olduğunu vurğulayan Rutte qeyd edib ki, təşkilat yüzlərlə yeni istehsal xətti açıb və mövcud olanları da genişləndirib.

"İndi illərdir etdiyimizdən daha çox gəmi, təyyarə və sursat istehsal etmək üzrəyik. NATO tələb və əməkdaşlığı artırmaq, innovasiyanı inkişaf etdirmək üçün öz bənzərsiz gücündən istifadə edir”.

Rutte əlavə edib ki, NATO iqtisadiyyatından 25 dəfə kiçik olan Rusiyanın təşkilatı müdafiə sahisəndə geridə qoyması mümkün deyil. Lakin müharibənin qarşısını almaq üçün daha çox xərc çəkmək lazımdır. "Bu zirvə görüşünün də məqsədi budur”, - deyə o diqqətə çatdırıb.

Baş katib, Ursula fon der Lyayenin vəzifəyə gəlişindən sonra 2024-cü ilin dekabrında ilk səfərlərindən birini Türkiyəyə etdiyini, Böyük Britaniya ilə tərəfdaşlıq müqaviləsi imzaladığını və Norveçlə bu sahədə əlaqələri yaxınlaşdırdığını xatırladıb.

Avropa Komissiyası sədri Ursula fon der Lyayen isə müdafiə sənayesi iştirakçılarına müraciət edərək bildirib: “Avropanın gələcəyi yalnız Ukrayna cəbhəsində deyil, həm də sizin fabriklərinizdə yazılır”.

Avropanın təhlükəsizlik quruluşunun “tektonik dəyişiklik”dən keçdiyini vurğulayan fon der Lyayen son aylarda Avropa İttifaqının müdafiədə 2023-cü il hədəflərinə fokuslandığını qeyd edib.

“Ukraynada müharibə səbəbilə tükənmiş ehtiyatlarımızı bərpa edərkən, köhnə sistemlərimizi də müasirləşdirməli və yeni texnoloji tələbləri qarşılamaq məcburiyyətindəyik. Bu, etibarlı yayındırma üçün həyati əhəmiyyət daşıyır və Avropa İttifaqının bu sahədə mühüm rolu var. NATO müttəfiqləri standartlar və qabiliyyət hədəflərini müəyyən edərkən, bizim İttifaqımız müxtəlif sənayeləri, mülki və hərbi sahələri, NATO üzvü olan və olmayan ölkələri birləşdirməyə kömək edə bilər”, - deyə o söyləyib.

Töhfə Səməd

tag: NATO,Mark Rutte ,Zirvə,Ursula fon der Lyayen,Avropa Komissiyası,Todaypress.tv,