Rubio Polşanın hava məkanının pozulmasını təhlükəli hadisə adlandırdı

Dünya

13.09.2025 23:35

ABŞ Dövlət katibi Marko Rubio Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanına daxil olmasını qəbuledilməz və təhlükəli hadisə adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

"Şübhə yoxdur ki, dronlar qəsdən buraxılıblar. Sual odur ki, pilotsuz təyyarələr Polşaya uçmaq məqsədi daşıyırdı. Əgər mövcud məlumatlar bizi bu qənaətə gətirirsə, o zaman aydındır ki, bu, eskalasiya xarakterli addımdır. Bir sıra başqa ehtimallar da var. Lakin biz hər hansı yekun nəticə çıxarmazdan əvvəl bütün faktları toplamaq və müttəfiqlərimizlə məsləhətləşmək istəyirik".

Prezident Donald Tramp daha əvvəl də oxşar şərhlər vermişdi. Varşava hökuməti dronların qəsdən Polşa hava məkanına göndərildiyini iddia edir.

Xatırladaq ki, 2025-ci il sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərbinə kütləvi hücumu zamanı onlarla pilotsuz təyyarə Polşanın hava məkanını pozub. Polşa hərbçiləri pilotsuz təyyarələrin vurulduğunu və onların qalıqlarının sərhəd bölgələrində tapıldığını, lakin itkilərin olmadığını bildirib. Baş nazir Donald Tusk fövqəladə toplantı çağıraraq, NATO tərəfdaşları ilə koordinasiyanı vurğulayaraq, müttəfiqlərini insidentlə bağlı məlumatlandırıb.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində insidentdə iştirakını inkar edir.

TodayPress TV

tag: ABŞ, Marko Rubio, PUA, Rusiya, Polşa, todaypress.tv,