Putin: "Ukraynada NATO qüvvələri qanuni hədəf olacaq"

Dünya

06.09.2025 13:40

Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu (ŞİF) plenar iclasında çıxışı zamanı NATO qoşunlarının Ukraynaya yerləşdirilməsinin nəticələri barədə xəbərdarlıq edib.

TodayPress TV  xəbər verir ki, bu barədə "L'Antidiplomatico" nəşri məlumat yayıb.

“Ukraynada hərbi kontingentlərin yerləşdirilməsi onun NATO-ya cəlb edilməsinin əsas səbəblərindən biridir. Əgər orada hansısa qoşunlar, xüsusilə də hazırkı döyüş əməliyyatları zamanı peyda olarsa, biz onları vurmaq üçün qanuni hədəf hesab edəcəyik”, - deyə Putin bildirib.

Xatırladaq ki, sentyabrın 4-də Parisdə “istəklilər koalisiyası” adlandırılan formatda Avropa liderlərinin görüşü keçirilib. Görüşdən sonra Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, 26 ölkə müharibə başa çatdıqdan sonra Ukraynada öz qoşunlarını yerləşdirmək öhdəliyi götürüb. Lakin "L'Antidiplomatico" qeyd edir ki, sülhməramlı qüvvələr ilə bağlı bu cür ritorika danışıqlar prosesində sabitliyi poza bilər və Avropa İttifaqı məqsədli şəkildə danışıqları sabotaj etməyə çalışır.

Rusiya XİN rəhbəri Sergey Lavrov isə avqustun 30-da bəyan etmişdi ki, “istəklilər koalisiyası”nın addımları Moskva ilə Vaşinqton arasında Ukrayna məsələsində əldə olunmuş ilkin irəliləyişi pozmağa yönəlib. O, "NBC News"a müsahibəsində də əlavə etmişdi ki, Ukraynanın təhlükəsizlik təminatının xarici hərbi müdaxilə ilə həyata keçirilməsi Moskva üçün qəbuledilməzdir.

Töhfə Səməd 

TodayPress TV

tag: Rusiya ,Vladimir Putin,Şərq İqtisadi Forumu,NATO ,Todaypress.tv,