PKK-nın tərksilah prosesi 10 günə başlayacaq

Dünya

02.07.2025 12:26

Türkiyədə terror təşkilatı kimi tanınan PKK-nın ilk 50 nəfərlik döyüşçü qrupu yaxın 10 gün ərzində Şimali İraqın Daquq şəhərində silahı yerə qoyacaq.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, PKK-nın daha əvvəl elan etdiyi özünü buraxma qərarından sonra başlayan tərksilah prosesi sentyabr ayınadək başa çata bilər.

Türkiyə mətbuatının yazdığına görə, bu prosesdə PKK-nın bütün düşərgələri sonradan İraqın mərkəzi hakimiyyətinin nəzarətinə veriləcək.

Silahların təhvil verilməsi mərhələsi Türkiyə, İraq mərkəzi hökuməti və İraq Kürd Muxtariyyət Administrasiyası tərəfindən birgə şəkildə, lakin BMT və digər xarici tərəflərin iştirakı olmadan həyata keçiriləcək.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik bu barədə jurnalistlərə açıqlamasında bildirib ki, PKK-nın tam tərksilahı “yaxın günlərdə” baş tuta bilər:

“Dəqiq tarix demək istəmirəm, amma elə mərhələdəyik ki, bu, hər an baş verə bilər. Bu, Türkiyənin terror təhlükəsindən xilas olması baxımından son dərəcə əhəmiyyətli olacaq”, – deyə o bildirib.

Əldə olunan məlumata görə, ümumilikdə 3.400-ə yaxın PKK üzvü silahdan imtina edəcək. Onlardan təxminən 2.000 nəfərin Türkiyəyə qayıtması, PKK-nın rəhbərliyində olan 250 nəfərə yaxın şəxsin isə İraq və Suriyadan Avropa ölkələrinə və Cənubi Afrikaya keçməsi gözlənilir.

Qiymət Mahir

tag: Türkiyə,PKK , Ömer Çelik,BMT ,Todaypress.tv,