"Obez" ayılar insanlara həyatı zindan etdi

Dünya

05.05.2026 18:30

Yaponiyada görünməmiş böyüklükdə bir ayı tutulub.

TodayPress TV xəbər verir ki, "News On Japan" nəşrinin məlumatına görə, Yaponiyanın Hokkaydo adasında 330 kiloqram çəkidə qəhvəyi ayı tutulub, daha bir 280 kiloqramlıq ayı isə ovçuya hücum edib.

İlk hücum aprelin 26-da baş verib. Hətta iki güllə belə nəhəng heyvanı dayandıra bilməyib.

Növbəti gün — aprelin 27-də Tomamae şəhəri yaxınlığında ikinci ayı tələyə düşüb. Təxminən 2,2 metr boyunda olan erkək ayı qış yuxusundan yeni oyansa da, olduqca iri görünürdü. Qəfəsdə çəkilmiş videolarda heyvanın müşahidəçilərə tərəf hücum etdiyi və nərildədiyi görünür. Təcrübəli ovçular etiraf ediblər ki, yaz mövsümündə indiyədək bu qədər böyük ayı görməyiblər.

Rakuno Qakuen Universitetinin professoru Yoşikazu Sato adada müşahidə olunan bu iri yırtıcıların qeyri-adi ölçüləri ilə bağlı açıqlama verib. Onun fikrincə, ayılar qış yuxusuna getməzdən əvvəl qarğıdalı ilə yaxşı qidalanıb və nəticədə kifayət qədər piy ehtiyatı toplayıblar. Professorun hesablamalarına görə, Tomamaedə tutulan ayının çəkisi qışdan əvvəl 400 kiloqramdan çox ola bilərdi.

2025-ci ildə Yaponiyada ayı hücumlarının rekord səviyyəyə çatdığı bildirilir. Məlumata görə, ayılar əvvəllər görünmədikləri yaşayış məntəqələrinə daxil olmağa başlayıblar. Nəticədə 13 nəfər həlak olub, 217 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Ayı,Yaponiya,Hücum ,Hokkaydo,Todaypress.tv,