Nepalın Baş naziri etiraz aksiyaları fonunda istefa verir

Dünya

09.09.2025 13:29

Nepalın Baş naziri Şarma Oli ölkədə baş verən genişmiqyaslı etiraz aksiyaları fonunda istefa vermək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə onun köməkçisi Prakaş Silva bildirib.

Oli hökumətinin istefasına səbəb kimi yaranmış siyasi böhranı həll edə bilməmək və etirazçıların təzyiqlərinin artması göstərilir.

Bundan əlavə, ölkənin müxalifəti hesab olunan Milli Demokratik Partiyasının 42 üzvünün parlament və yerli hökumətdəki vəzifələrindən istefa verdiyi bildirilir.

Sentyabrın 9-da Katmandu şəhərində etirazçılar ölkə prezidenti Ram Çandra Paudelin iqamətgahına daxil olaraq onu yandırıblar.

Eyni gündə Katmanduda minlərlə etirazçı parlament binası qarşısında toplaşaraq hökumətin istefasını tələb edib. Aksiya zamanı təkərlər yandırılıb, nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb.

Hakimiyyət paytaxtda qeyri-müəyyən müddətli komendant saatı tətbiq edib. Hazırda Nepalın siyasi vəziyyəti kritik olaraq qalır və ölkədə böhran dərinləşməkdədir.

Qeyd edək ki, etirazlara səbəb hökumətin ölkədə sosial şəbəkə və mesencerlərin fəaliyyətinin məhdudlaşdırılmasıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Nepal,Baş nazir,İstefa,Etiraz,Todaypress.tv,