Laos və Kamboca sərhəddə sülhü davam etdirəcək

Dünya

20.05.2025 13:49

Laos və Kamboca iki ölkə arasında yerləşən sərhəd bölgəsini sülh, dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq məkanı kimi qoruyub saxlamaq üçün əməkdaşlığı davam etdirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Lao Xalq Ordusunun xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, hər iki ölkənin rəsmiləri mayın 19-da Cənubi Laosun Çampasak vilayətində keçirilən Laos–Kamboca Sərhəd Təhlükəsizliyi üzrə Əməkdaşlıq Komitəsinin üçüncü iclasında bir araya gəliblər.

Toplantıda çıxış edənlər son illərlə müqayisədə sərhəddə sülh və asayişin möhkəmləndiyini, təhlükəsizliyin yaxşılaşdığını və davamlı inkişaf istiqamətində irəliləyişlərin əldə olunduğunu, həmçinin cinayət hallarında əhəmiyyətli azalma müşahidə edildiyini vurğulayıblar.

Son bir il ərzində Laos və Kamboca vətəndaşları qanunlara və qaydalara uyğun şəkildə sərhədi mütəmadi olaraq keçərək ticarət və səyahətlə məşğul olublar.

Hər iki ölkənin yerli hüquq-mühafizə orqanları məlumat mübadiləsini gücləndirib və qeyri-qanuni fəaliyyətlərin, o cümlədən qanunsuz sərhəd keçidləri, terrorizm, transmilli cinayətkarlıq, insan və narkotik alveri, qanunsuz ovçuluq, ətraf mühitin istismarı, meşələrin qırılması, antik əşyalar və silah ticarətinin qarşısını almaq məqsədilə birgə əməkdaşlıq ediblər.

Görüşün sonunda tərəflər rəsmi protokolu imzalayaraq, Laos-Kamboca sərhədini sülh, dostluq, inkişaf və qarşılıqlı fayda zonası kimi qorumaq öhdəliklərini bir daha təsdiqləyiblər.

Töhfə Səməd

tag: Laos ,Kamboca ,Əməkdaşlıq,Sülh,todaypress.tv,