KXDR ABŞ ərazisini vura biləcək raketi sınaqdan keçirdi

Dünya

09.09.2025 11:18

Koreya Xalq Demokratik Respublikası (KXDR) qitələrarası ballistik raketlərdə istifadə olunacaq yeni nəsil bərk yanacaqlı mühərrikin yerüstü sınaqlarını uğurla tamamladığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat verib.

Bildirilib ki, ölkə lideri Kim Çen In prosesə şəxsən nəzarət edib. Sözügedən bu sınaq ölkənin nüvə imkanlarını gücləndirmək istiqamətində kritik bir mərhələ kimi qiymətləndirilir.

Yeni mühərrikin karbon lifli materiallardan hazırlandığı, 1.971 kilonyuton itmə gücünə malik olduğu və əvvəlki modellərlə müqayisədə daha yüksək performans göstərdiyi qeyd olunub. Bu mühərrikin "Hwasong-20" adlı növbəti nəsil qitələrarası ballistik raket sistemlərində istifadə ediləcəyi bildirilib.

Qeyd edək ki, KXDR son illərdə ABŞ-nin materik hissəsinə çata biləcək məsafəyə malik bir neçə raket sınaqdan keçirib. Bu cür bərk yanacaqlı raketlər, sürətli hazırlıq müddəti, asan daşınma və radarlardan gizlənə bilmə üstünlükləri ilə fərqlənir.

Kim Çen In çoxsaylı döyüş başlıqları daşıya bilən sistemlərin hazırlanması barədə də göstəriş verib. Bu isə gələcəkdə raket əleyhinə müdafiə sistemlərini yarıb keçmək imkanlarını artıracaq.

Aysel Mətləb

TodayPress TV

tag: KXDR,Raket,Sınaq,Təlim,Todaypress.tv,