Kirkə atəş açan şübhəlinin mesajları üzə çıxdı

Dünya

16.09.2025 16:31

Sağçı fəal Çarli Kirkin qətli ilə bağlı şübhəli şəxsin “Discord” mesajlaşma platformasında baş verən atışmaya görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir.

TodayPress TV xəbər verir ki, bunu “BBC”-nin ABŞ-dəki tərəfdaşı “CBS”-ə təsdiqləyib.

Sözçünün açıqlamasına görə, 22 yaşlı Tayler Robinson ötən həftə Kirkin Utah Valley Universitetində güllələnməsi ilə bağlı həbs olunmazdan bir neçə saat əvvəl “Discord”da dostlarına mesaj göndərib.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirir ki, Robinsona aid olduğu iddia edilən hesabdan belə bir mesaj oxunub: 

“Dünən UVU-da mən idim. Bütün bunlar üçün üzr istəyirəm”.

Hələlik rəsmi ittiham elan edilməyən Robinson çərşənbə axşamı məhkəmə qarşısına çıxacaq.

O, ağır qətldə, odlu silahla ağır cinayət törətməkdə şübhəli bilinərək həbs edilib. 

Əgər təqsirli bilinsə, ölüm cəzası ilə üzləşə bilər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqi olan 31 yaşlı Kirk, çərşənbə günü Utah Valley Universitetində təsisçisi olduğu “Turning Point USA” təşkilatının açıq havada keçirdiyi tədbirdə çıxış edərkən güllə yarası alıb. O, daha sonra xəstəxanada vəfat edib.

Jalə Rövşən

TodayPress TV 

tag: Çarli Kirk,Sui-qəsd,Qətl,Məhkəmə,Todaypress.tv,