Kadırov “Kentavr” fəxri nişanı ilə təltif olundu

Dünya

27.06.2025 09:40

Çeçenistanın rəhbəri Ramzan Kadırov şəhərsalmanın inkişafına verdiyi töhfələrə görə Rusiyanın Baş Memarlar Şurasının ali mükafatı olan “Kentavr” fəxri nişanı ilə təltif olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Qroznı meriyası “VKontakte” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, “Kentavr” nişanı memarlıq sahəsində nailiyyətlərə və əhəmiyyətli şəhərsalma layihələrinə görə təqdim olunur. Lakin Kadırovun konkret hansı layihə və ya nailiyyətinə görə bu mükafata layiq görüldüyü açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ramzan Kadırovu “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli ordenlə təltif etmişdi. Sərəncamda bu mükafat Kadırova parlamentarizmin inkişafına böyük töhfəsi, fəal qanunvericilik fəaliyyəti və uzunillik vicdanlı əməyinə görə verildiyi qeyd olunmuşdu.

Ramzan Kadırov həmçinin Rusiya Federasiyasının Qəhrəmanı, Çeçenistan, Luhansk və Donetskin Qəhrəmanı adlarına da sahibdir. O, “Vətən qarşısında xidmətlərinə görə” I dərəcəli orden, Aleksandr Nevski ordeni, Şərəf ordeni, Jukov medalı, “İctimai asayişin qorunmasında fərqinə görə”, “Ümumrusiya əhali siyahıyaalmasının keçirilməsində xidmətlərinə görə”, “Sankt-Peterburqun 300 illiyi xatirəsinə” və “Cinayət-hüquq sisteminin möhkəmləndirilməsinə görə” medalları da daxil olmaqla bir sıra digər dövlət mükafatlarına da layiq görülüb.

Töhfə Səməd

tag: Çeçenistan,Ramazan Kadırov,Rusiya,Putin ,Kentavr,Orden,Todaypress.tv,