İsveçin XİN başçısının evinə hücum edildi

Dünya

12.06.2025 17:30

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard evinin yaxınlığında təhlükəli vəziyyətlə üzləşib.

TodayPress TV xəbər verir ki, bu barədə "SVT" media orqanı məlumat yayıb.

Polisin verdiyi məlumata görə, iyunun 11-də axşam bir neçə nəfər nazirin yaşadığı binanın giriş hissəsinə qanunsuz daxil olaraq orada plakatlar yapışdırıb və daha sonra ərazidən uzaqlaşıb. Hadisənin detalları ictimaiyyətə açıqlanmayıb, lakin polis bunu "qanunsuz daxilolma" kimi araşdırır.

XİN başçısı hadisə ilə bağlı ətraflı şərh verməkdən imtina etsə də, Yaxın Şərqdəki vəziyyətə dair keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı ümumi fikir bildirib. O qeyd edib ki, bəzi millət vəkilləri təhdidlərdən qorxaraq sərbəst hərəkət edə bilmədiklərini bildirirlər.

“Mən həmişə etiraz və fikir azadlığını müdafiə edəcəyəm. Eyni zamanda, siyasətçilərin təhdid və zorakılıq qorxusu olmadan fəaliyyət göstərmək hüququnu da qorumalıyıq”, - deyə o əlavə edib.

Töhfə Səməd

tag: İsveç,XİN,Mariya Malmer Stenerqard,Qarət,todaypress.tv,