İraq: İsrail Yaxın Şərqin xəritəsini yenidən çəkmək istəyir
Dünya
16.06.2025 16:30
İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar regionda müharibənin miqyasını genişləndirmək və Yaxın Şərqin xəritəsini yenidən cızmaq məqsədi daşıyır.
TodayPress TV xəbər verir ki, bu barədə İraqın Baş naziri Mühəmməd Əs-Sudani danışıb.
“İsrail regionda müharibənin miqyasını artırmaq və yeni Yaxın Şərq xəritəsi yaratmaq niyyətindədir”, - deyə Əs-Sudani Bağdadda akkreditə olunmuş diplomatlarla görüşü zamanı bildirib.
Baş nazir eyni zamanda BMT-nin prinsiplərinə əsasən İranın özünümüdafiə hüququna malik olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyətin passivliyini tənqid edərək, Yaxın Şərqdə sülh və təhlükəsizliyin qorunmasında məsuliyyət daşıdığını bildirib.
Əs-Sudani danışıqlar yolu ilə sülhə nail olunmasına çağırıb, bu prosesdə İranla tam həmrəy olduğunu da açıqlayıb.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramına qarşı yönəlmiş hərbi əməliyyata başlayıb. Təxminən bir sutka sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə İsrail və İran arasında qarşılıqlı hücumlar davam edib. Hər iki tərəf itkilərin və yaralıların olduğunu, bir sıra obyektlərin vurulduğunu təsdiqləsə də, zərərin məhdud olduğunu bəyan ediblər.
Töhfə Səməd
tag: İsrail,İran,Yaxın Şərq,İraq,Mühəmməd Əs-Sudani,todaypress.tv,