Əkrəm İmamoğlunun magistr diplomu da ləğv edildi

Dünya

28.07.2025 17:24

İstanbul Universiteti (İÜ) Əkrəm İmamoğlunun bakalavr diplomunu "mövcud olmaması" və "açıq səhv" səbəbilə ləğv etdikdən sonra onun magistratura diplomunu da etibarsız sayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

İÜ Sosial Elmlər İnstitutu İdarə Heyətinin iyulun 24-də keçirilən iclasında, Əkrəm İmamoğlunun "İnsan Resurslarının İdarəedilməsi" ixtisası üzrə magistr proqramında təhsil almasının qanuni əsaslarının olmadığı qərara alınıb.

Universitet rəhbərliyinin 18 mart 2025-ci il tarixli və 61 nömrəli qərarına istinad edilərək bildirilib ki, İmamoğlunun 6 iyul 1987-ci il tarixli, 19509 saylı rəsmi qəzetdə yayımlanan "İstanbul Universiteti Tələbə Nizamnaməsi"ndə qeyd olunan "bakalavr məzuniyyəti" şərtlərinə cavab vermədiyi müəyyən olunub. Bu səbəbdən onun magistratura məzuniyyəti və diplomu keçərsiz hesab edilib.

İdarə heyəti, eyni zamanda, İmamoğlunun məzuniyyətə dair məlumatlarının Akademik Qeydiyyat Sistemi (AKSİS) üzərindən silinməsi və Yüksək Təhsil Məlumat Sistemi (YÖKSİS) üzərində yenilənməsi, eləcə də onun məzuniyyət tezinin YÖK Milli Tez Mərkəzindən çıxarılması barədə qərar verib.

Töhfə Səməd

tag: Ekrem İmamoğlu,Magistr,Diplom,Türkiyə,Todaypress.tv,