İran XİN: Merts İsraili dəstəkləməklə xalqına və tarixə hörmətsizlik edir
Dünya
27.06.2025 12:30
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai Almaniya kansleri Fridrix Mertsin İsrailin İrana qarşı hərəkətlərini dəstəkləməsini sərt tənqid edib. O, bu mövqeyin həm Almaniya xalqına, həm də İkinci Dünya Müharibəsinin xatirəsinə hörmətsizlik olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Bəqai bu barədə "X" sosial platformasında paylaşım edib.
“Kansler Fridrix Merts İsrailin hərəkətlərini dəstəkləməklə tarix qarşısında doğru mövqedən daha da uzaqlaşır. Dövlət xadimi üçün beynəlxalq hüququn kobud şəkildə pozulmasını və açıq-aşkar aqressiyanı görməzdən gəlmək, üstəlik onu əsaslandırmaq qəbuledilməzdir”, - deyə İran rəsmisi vurğulayıb.
O qeyd edib ki, 1945-ci ilin Berlinindən miras daşıyan bir ölkənin lideri “müharibəyə yox” prinsipini görməzdən gəlib aqressiyanı dəstəklədikdə, bu, təkcə tarixi həqiqətdən uzaqlaşmaq deyil, eyni zamanda Almaniya xalqının kollektiv yaddaşına qarşı hörmətsizlikdir.
Bəqai həmçinin xatırladıb ki, İran nə 1980–1988-ci illərdə baş vermiş İran–İraq müharibəsində Səddam Hüseynə kimyəvi silah tədarük edənləri, nə də bu gün İrana qarşı aqressiyanı dəstəkləyənləri unudacaq.
“Tarix bu cür davranışları asanlıqla bağışlamır və xalqların yaddaşı bu ədalətsizlikləri uzun müddət unutmur”, - deyə İran rəsmisi əlavə edib.
Töhfə Səməd
tag: İran,XİN,Fridrix Merts, İsmail Bəqai ,İsrail,Almaniya,Merts,Todaypress.tv,