İran ABŞ-nin yeni qərarlarına etiraz etdi
Dünya
07.06.2025 14:00
İran Xarici İşlər Nazirliyinin Xaricdə Yaşayan İranlılarla İş üzrə Baş İdarəsinin rəhbəri Əlirza Haşemi Rəcai ABŞ hökumətinin İran və əsasən müsəlman ölkələrdən olan vətəndaşların ABŞ-yə girişinə qadağa qoyması qərarını sərt şəkildə qınayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Diplomat bu addımı ABŞ siyasətçiləri arasında irqçi düşüncə tərzinin açıq təzahürü adlandırıb. O qeyd edib ki, ABŞ-nin bu qərarı yalnız vətəndaşların dini və mənsub olduğu milliyyətə görə verilib və bu, həm iranlılara, həm də müsəlmanlara qarşı dərin düşmənçiliyin göstəricisidir.
O əlavə edib ki, bu addım beynəlxalq insan hüquqları normalarına ziddir və ABŞ hökuməti beynəlxalq hüquq qarşısında cavab verməli olacaq.
Diplomat BMT-ni və beynəlxalq insan hüquqları təşkilatlarını ABŞ-nin bu kimi birtərəfli, insan hüquqlarını pozan siyasətlərinə açıq şəkildə etiraz etməyə çağırıb.
Sonda o vurğulayıb ki, İran İslam Respublikası ABŞ-nin ayrı-seçkilik xarakterli qərarının nəticələrinə qarşı iranlı vətəndaşların hüquqlarını qorumaq üçün bütün zəruri addımları atacaq.
Töhfə Səməd
tag: İran ,XİN,Əlirza Haşemi Rəcai,ABŞ ,todaypress.tv,