Hindistan BMT-nin təyyarə qəzasi üzrə müşahidəçi təklifini rədd etdi
Dünya
27.06.2025 12:20
Hindistan hakimiyyəti BMT-nin rəsmi nümayəndəsinə 12 iyun tarixində Əhmədabadda baş verən "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəzası ilə bağlı aparılan araşdırmalarda müşahidəçi statusu verilməsi təklifini rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Rəsmi rədd cavabı beynəlxalq ekspertlərin Hindistanın istintaq orqanları və Mülki Aviasiya Nazirliyi tərəfindən “qara qutular”ın təhlilində lənglik nümayiş etdirməsinə yönəlmiş tənqidlərinin fonunda verilib. Bildirilir ki, Hindistan müstəntiqləri qəzanın baş verməsindən yalnız iki həftə sonra qara qutulardakı məlumatları çıxarıb. Halbuki beynəlxalq normalara əsasən, bu proses dərhal həyata keçirilməli və toplanan məlumatlar gələcək aviasiya qəzalarının qarşısının alınması üçün istifadə olunmalıdır.
Qeyd edək ki, BMT-nin təmsilçiləri indiyədək yalnız aidiyyəti ölkələrin dəvəti ilə iri miqyaslı təyyarə qəzalarının araşdırılmasında iştirak ediblər. Bu dəfə isə BMT ilk dəfə olaraq belə bir təşəbbüslə özü çıxış edib.
Qeyd edək ki, 26 iyun tarixində Hindistanın Aviasiya Qəzalarını Araşdırma Agentliyi (AAIB) qəzaya uğrayan "Boeing 787-8" təyyarəsinin iki qara qutusundan məlumatların çıxarıldığını açıqlayıb. Mülki Aviasiya Nazirliyi bildirib ki, hazırda həmin məlumatların təhlili aparılır və məqsəd qəzanın səbəblərini müəyyənləşdirmək üçün hadisələrin ardıcıllığını bərpa etməkdir.
Əvvəllər qara qutuların təhlili üçün ABŞ-yə göndərilməsi məsələsi gündəmdə olsa da, buna ehtiyac qalmayıb. İlkin araşdırma hesabatının təyyarə qəzasından təxminən 30 gün sonra açıqlanması gözlənilir.
Xatırladaq ki, həmin qəza nəticəsində 275 nəfər həlak olub.
Töhfə Səməd
tag: Hindistan ,BMT,Boeing 787-8 Dreamliner,Qəza,Todaypress.tv,