Ərdoğan: "İran Hörmüz boğazını bağlamayacaq"
Dünya
26.06.2025 15:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İranın Hörmüz boğazını bağlayacağı ehtimalı real deyil və belə bir addım enerji təhlükəsizliyinə ciddi təhdid yaradar.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Ərdoğan NATO-nun Haaqa sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
“Hörmüz boğazının bağlanması böyük problem yaradacaq. Əminik ki, İran bu addımı atmayacaq. Son gərginlik bir daha göstərdi ki, enerji təchizatı təhlükəsizliyi nə qədər önəmlidir", – deyə o vurğulayıb.
Prezident əlavə edib ki, İranın Türkiyəyə qaz təchizatını dayandırması ilə bağlı yayılan şayiələr əsassızdır:
“Bu məsələ ilə bağlı enerji nazirim dərhal iranlı həmkarı ilə əlaqə saxladı. Həqiqətdə belə bir hal yoxdur. İran prezidenti Məsud Pəzeşkiyanla da danışığımız oldu. Qaz təchizatının kəsilməsi ehtimalını belə düşünmürük – aramızda heç bir problem yoxdur".
Ərdoğan onu da qeyd edib ki, Türkiyə enerji sahəsində tam müstəqil olmaq üçün daxili hasilatı artırmağa çalışır.
“Biz Gabar bölgəsində neft, Qara dənizdə isə təbii qaz hasil edirik. Hədəfimiz – idxalı azaltmaq, hasilatı artırmaq və Türkiyəni resurs və texnologiya ixrac edən ölkəyə çevirməkdir", – deyə o bildirib.
Qiymət Mahir
tag: Donald Tramp,ABŞ,İran,Hörmüz,Türkiyə,Qaz,Ərdoğan,Todaypress.tv,