Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərə başladı
Dünya
15.09.2025 12:34
Cənubi Koreya ABŞ və Yaponiya sentyabrın 15-dən 19-dək Ceju adası yaxınlığındakı beynəlxalq sularda üçtərəfli “Freedom Edge” adlı hərbi təlimlərə start verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Təlimlər dəniz, hava və kiberməkanda keçiriləcək. Əsas diqqət raket və hava hücumundan müdafiə, tibbi evakuasiya və dəniz kəşfiyyatı üzrə bacarıqların artırılmasına yönəlib.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildirib ki, bu təlimlər Şimali Koreyadan gələn nüvə və raket təhdidlərinə cavab vermək məqsədi daşıyır və regional sülhə töhfə verəcək.
Üç ölkənin hərbçiləri həmçinin təlim vasitəsilə koordinasiyanı gücləndirmək və “kollektiv sülhməramlılıq” öhdəliyini nümayiş etdirməyə çalışırlar.
“Freedom Edge” təlimləri bu formatda üçüncü dəfə keçirilir. Əvvəlki təlimlər 2024-cü ilin iyun və noyabr aylarında baş tutub.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,ABŞ,Yaponiya,Təlim,Todaypress.tv,