Britaniyanın yeni dronları Ukraynada

Dünya

18.07.2025 10:12

Britaniyanın yeni "TRV-150" kvadrokopteri yaxın vaxtlarda Ukraynaya göndərilə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın "Kirill Fyodorov / Müharibə Tarix Silah" adlı "Telegram" kanalı məlumat yayıb.

Bu pilotsuz uçuş aparatı (PUA) yüksək dəqiqlikli "APKWS" raketləri ilə silahlandırılıb.

Məlumata əsasən, "TRV-150" ABŞ-də sınaqdan keçirilib və testlər zamanı həm yerüstü, həm də hava hədəflərini uğurla vurub. Qeyd olunub ki, bu model "Malloy T-150" dronunun modifikasiyasıdır və hazırda Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunur.

“Artıq aydındır ki, bu dronun gələcəkdə Ukraynada peyda olmasına heç nə mane olmur. "Baba Yaqa" dronlarına yeni bir güclü əlavə olacaq. Onun lazer yönləndirmə sistemi sayəsində həm hücum, həm də müdafiə məqsədilə istifadə oluna bilər”, - deyə məlumat verilib.

Qeyd edək ki, "APKWS" sistemi 70 mm-lik idarəolunmayan “Hydra” aviasiya raketlərini nisbətən ucuz və lazerlə hədəfə yönələn yüksək dəqiqlikli sursata çevirir. Bu raketlər həm helikopterlər, həm də "F/A-18" və "F-16" döyüş təyyarələri ilə daşına bilir.

Töhfə Səməd

tag: Britaniya,TRV-150,Dron,APKWS, Ukrayna,Todaypress.tv,