Boyundan narazı insanlar daha paxıl olur

Dünya

11.06.2025 16:48

Boyundan narazı olan insanlar daha çox qısqanclıq, sosial rəqabət və həmcinslərinə qarşı düşmənçilik meyilləri göstərirlər. Alimlər bu halın, xüsusilə kişilər arasında, uğur və cazibə ilə bağlı güclü psixoloji təzyiqlərlə müşayiət olunduğunu müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, Qərbi Sidney Universitetinin mütəxəssisləri tərəfindən aparılan və “Evolutionary Behavioral Sciences” jurnalında dərc olunan araşdırma 302 amerikalı iştirakçı ilə həyata keçirilib.

Onların faktiki boyu və bu boydan nə dərəcədə narazı olduqları müəyyənləşdirilərək, sosial paxıllıq, rəqabət və qısqanclıq testləri ilə müqayisə olunub.

Nəticələr göstərib ki, xüsusilə öz boyu ilə psixoloji uyğunsuzluq yaşayan kişilər daha çox sosial rəqabətə girir, uğurlu rəqiblərinə qarşı aqressiv davranış və dərin paxıllıq hissləri yaşayırlar. Qadınlarda isə bu meyil daha fərqli formada təzahür edir: onlar daha çox “uzunboylu olmaq istəyinə” görə rəqabət hissi keçirirlər, real boy isə ikinci dərəcəli amil kimi qalır.

Tədqiqat müəllifləri qeyd edirlər ki, burada söhbət təkcə santimetrlərdən yox, insanın özünü sosial kontekstdə necə qavramasından gedir. Boydan narazılıq — mədəniyyətin yaratdığı vizual gözləntilərlə uyğun gəlməmək — şəxsin özünüqiymətləndirməsinə, psixoloji rifahına və sosial münasibətlərinə təsir göstərir. Bu cür narahatlıq şəxsin münasibətlərinə, karyerasına və gündəlik qərarlarına da mənfi təsir edə bilər.

Qiymət Mahir

tag: Boy,Paxıllıq,Tədqiqat,Sidney,todaypress.tv,