Bill Qeytsdən gözlənilməz addım: İllərlə müdafiə etdiyi mövqedən çəkildi

Dünya

31.10.2025 16:31

"İqlim dəyişikliyi ciddi problem olsa da, bəşəriyyətin məhv olmasına səbəb olmayacaq".

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, bunu Microsoft-un həmtəsisçisi Bill Qeyts deyib.

Qeytsin sözlərinə görə, qlobal istiləşmə xüsusilə kasıb ölkələrə ağır təsir göstərəcək, lakin bu, insanlığın yox olması demək deyil. “İnsanlar yaxın gələcəkdə dünyanın əksər yerlərində yaşamağa və inkişaf etməyə davam edə biləcək”, – deyə o, qeyd edib.

O, vurğulayıb ki, iqlim yardımı tək gündəm mövzusu olmamalıdır. Qeytsin fikrincə, diqqət insanların həyat şəraitinin yaxşılaşdırılmasına, kənd təsərrüfatı, səhiyyə və enerji kimi sahələrdə texnologiya və infrastrukturun inkişafına yönəlməlidir.

Bu mövqe elmi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bir çox alimlər Qeytsin yanaşmasını “həddindən artıq optimist” adlandırıblar və iqlim böhranının hələ də ciddi risklər yaratdığını bildiriblər.

Qeyts isə əksinə, iqlim fəaliyyətində strateji dəyişikliyə çağırır: risklərin idarə olunması ilə yanaşı, insan rifahına diqqət yetirilməlidir.

Onun bu bəyanatı COP30 iqlim sammiti ərəfəsində səslənib və müşahidəçilər düşünürlər ki, Qeytsin açıqlamaları sammitdə “həyat keyfiyyəti”, “müqavimət” və “bərabərlik” kimi mövzuların daha çox önə çıxmasına səbəb olacaq.

Jalə Rövşən

TodayPress TV

tag: Bill Qeyts,Microsoft,İqlim dəyişikliyi,COP30 İqlim Sammiti,Todaypress.tv,