Almaniya "Taliban"ı birbaşa danışıqlara çağırır

Dünya

04.07.2025 10:47

Almaniya daxili işlər naziri Aleksandr Dobrindt əfqan miqrantların deportasiyasını asanlaşdırmaq üçün Almaniyanın "Taliban"la birbaşa razılaşmalar bağlamasını təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.

Dobrindt bildirib ki, miqrantların vətənlərinə qaytarılmasını təmin etmək üçün Əfqanıstanla repatriasiya üzrə birbaşa müqavilələr bağlanmalıdır.

Bildirilir ki, bu təklif Almaniya daxilində, xüsusilə hakim koalisiyanın bəzi üzvləri arasında narazılıq yaradıb. Sosial Demokrat Partiyası (SPD) nümayəndələri qeyri-qanuni miqrantların ölkədən çıxarılması üçün qapalı kanallardan istifadəni nəzərdən keçirməyə hazır olduqlarını bildirsələr də, "Taliban"la birbaşa danışıqların bu rejimin legitimləşdirilməsi riskini doğuracağından ehtiyat edirlər.

Hazırda Almaniyada miqrasiya siyasəti ilə bağlı debatlar cəmiyyətin və siyasətçilərin diqqət mərkəzindədir və bu təklifin həyata keçirilməsi geniş müzakirələrə səbəb ola bilər.

Türkan İsgəndərli

tag: Almaniya,Taliban,Miqrant,Əfqanıstan,Todaypress.tv,