ABŞ və Kanada arasında ticarət gərginliyi artır: Otava razılaşmaya qarşı çıxır

Dünya

23.07.2025 12:40

ABŞ Prezidenti Donald Trampın Kanadadan idxal olunan məhsullara 1 avqustdan etibarən 35 faiz gömrük rüsumu tətbiq olunacağı ilə bağlı xəbərdarlığı fonunda Kanadanın Baş naziri Mark Karni məsələ ilə bağlı bəyanat verib.

TodayPress TV xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.

Baş nazir bildirib ki, Kanada hökuməti ölkəyə zərər verəcək hər hansısa bir razılaşmanı qəbul etməyəcək:

“Məqsədimiz istənilən halda bir saziş imzalamaq deyil, Kanadalıların maraqlarına cavab verən bir razılaşma əldə etməkdir”.

ABŞ ilə aparılan danışıqları “mürəkkəb” kimi xarakterizə edən Karni, uyğun şərtlər daxilində əldə olunacaq razılaşmanı nəzərdən keçirməyə hazır olduqlarını deyib.

O, həmçinin əlavə edib ki, ABŞ ilə bağlanacaq hər hansı müsbət razılaşma Kanadanın digər ölkələrlə ticarət əlaqələrinə mane olmamalıdır və hazırda dünyanın müxtəlif ölkələri ilə bu istiqamətdə danışıqlar aparılır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 11 iyulda verdiyi açıqlamada bəyan etmişdi ki, 1 avqustdan etibarən Kanadadan idxal olunan məhsullara sektoral tariflərdən əlavə olaraq 35 faiz gömrük rüsumu tətbiq ediləcək.

Tramp, Kanadalı şirkətlərin istehsalı ABŞ-də həyata keçirdikləri təqdirdə bu rüsumların tətbiq olunmayacağını və bu prosesin təsdiqlənməsi üçün müvafiq prosedurların sürətləndiriləcəyini də əlavə edib.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Kanada,İdxal,Todaypress.tv,