Gürcüstandan deportasiyalar başladı: 11 ölkənin vətəndaşları...

Dünya

23.07.2025 14:39

Gürcüstanda son günlərdə 11 ölkədən olan 25 əcnəbi miqrasiya qaydalarını pozduğuna görə ölkədən çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya prosesi Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və digər aidiyyəti qurumlarla yaxın koordinasiya şəraitində həyata keçirilib. Hazırkı qanunvericiliyə əsasən, deportasiya olunmuş şəxslərə ölkəyə giriş qadağan edilib.

Məlumata görə, ölkədən Misir, Türkiyə, Hindistan, İordaniya, İran, Nigeriya, Pakistan, Rusiya, Ermənistan və Çin vətəndaşları çıxarılıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən Gürcüstan hakimiyyəti ölkədəki qeyri-qanuni miqrantlara qarşı mübarizəni sərtləşdirib və yoxlamaların intensivləşdirilməsi nəticəsində ölkədə qalma müddətindən sui-istifadə edən əcnəbilərin sayı artıb.

Bu ilin ilk 6 ayı ərzində Gürcüstandan ümumilikdə 525 əcnəbi deportasiya edilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü il boyunca cəmi 219 əcnəbi ölkədən çıxarılmışdı. Bu isə artımın iki dəfəyə qədər yüksəldiyini göstərir.

Deportasiya sayına görə ilk sırada Hindistan və İran, ikinci yerdə Çin, üçüncü yerdə isə Türkiyə qərarlaşıb.

Qanunvericiliyə əsasən, əcnəbilərin deportasiya olunmasına həm Gürcüstan DİN-in Miqrasiya Departamenti, həm də məhkəmə qərar verir.

Deportasiya qərarı verilən şəxslərə 10 ilə 30 təqvim günü arasında ölkəni tərk etmək üçün vaxt verilir və bu xərcləri onlar özləri qarşılamalıdırlar. Əgər əcnəbilər bu müddət ərzində könüllü şəkildə Gürcüstanı tərk edərlərsə, onlara inzibati cərimə tətbiq olunur. Həmçinin, şəxs qoyulan müddətdə ölkəni tərk etməsə, deportasiya qərarı məcburi qaydada icra olunur.

Deportasiya edilmiş əcnəbilərə Gürcüstana 2 ildən 5 ilədək giriş qadağası tətbiq olunur. Lakin könüllü şəkildə ölkəni tərk edən şəxslərə bu qadağa şamil edilmir.

Töhfə Səməd

tag: Gürcüstan,Deportasiya,Miqrasiya,DİN,Todaypress.tv,