ABŞ və Çin yeni ticarət razılaşması ilə qlobal gərginliyi azaldır
Dünya
27.10.2025 14:45
ABŞ və Çin ticarət müharibəsi fonunda çərçivə ticarət razılaşmasına nail olublar.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib.
O bildirib ki, Vaşinqton və Pekin noyabrın 1-də tətbiqi planlaşdırılan 100%-lik rüsumların qarşısını almağa imkan verəcək çərçivə ticarət razılaşması hazırlayıblar.
“Prezident Tramp mənə noyabrın 1-dən etibarən 100%-lik rüsumların tətbiqi ilə hədələyərək danışıqlarda ciddi təsir vasitələri verdi. Mən hesab edirəm ki, biz bu addımın qarşısını almağa və Çin tərəfi ilə bir çox digər məsələləri müzakirə etməyə imkan verəcək möhkəm bir əsas əldə etmişik", - deyə Bessent qeyd edib.
Onun sözlərinə görə, tərəflər artıq ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək qarşıdakı görüş üçün baza formalaşdırıblar. Həmin görüşdə liderlər gələcək sazişin yekun şərtlərini müzakirə edəcəklər.
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün bu xəbər dolayı yolla müsbət təsirə malikdir. Bu, həmçinin Çin və Avropanı birləşdirən Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən keçən logistika zəncirlərinin güclənməsinə səbəb ola bilər. Uzunmüddətli perspektivdə isə bu, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün Şərq və Qərb arasında tranzit və investisiya körpüsü rolunu gücləndirmək imkanı yaradır.
Aysel Mətləb
tag: ABŞ,Çin,Ticarət,Razılaşma,Todaypress.tv,
