ABŞ Harvardla bağlı əcnəbi vizalarına yenidən baxır
Dünya
29.05.2025 10:35
ABŞ Dövlət Departamenti Harvard Universiteti ilə əlaqəli bütün əcnəbilərin vizalarının yenidən qiymətləndirilməsinə başlayıb. Bu proses təkcə xarici tələbələri deyil, həm də universitetin əməkdaşlarını əhatə edir.
TodayPress TV xəbər verir ki, məlumatı "CNN" diplomatik mənbələrə istinadən yayıb.
Bu addım Vaşinqtonun Harvard Universitetinə əcnəbi tələbə qəbuluna dair verdiyi icazəni dayandırmaq cəhdindən sonra atılıb. ABŞ administrasiyası hesab edir ki, universitet yəhudi əsilli tələbələrin təhlükəsizliyini təmin edə bilmir. Bu narahatlıq, xüsusilə Fələstin tərəfdarı aktivistlərin Qəzza zolağındakı İsrail əməliyyatlarına qarşı keçirdiyi aksiyalarla əlaqələndirilir.
Harvard Universiteti bu qərara etiraz edərək Bostonda federal məhkəməyə müraciət edib. Məhkəmə administrasiyanın qərarını müvəqqəti olaraq bloklayıb və universitetin əcnəbi tələbələri qəbul etmə hüququnu müdafiə edib.
Buna baxmayaraq, ABŞ administrasiyası daha sonra xarici vətəndaşlar üçün yeni tələbə vizaları üzrə müsahibələri də dayandırıb. Viza prosesindəki bu dəyişikliklərin nə qədər davam edəcəyi hələlik məlum deyil.
Qiymət Mahir
tag: ABŞ,Harvard,Boston,Viza,todaypress.tv,