ABŞ-də güllələnən Çarli Kirk kimdir?
Dünya
11.09.2025 09:36
Sentyabrın 10-da ABŞ-də sağçı siyasi fəal və “Turning Point USA” təşkilatının həmtəsisçisi Çarli Kirk Yuta ştatındakı Yuta Velli Universitetində çıxışı zamanı güllələnərək öldürüldü.
TodayPress TV xəbər verir ki, 31 yaşlı Kirk son illərdə Respublikaçılar Partiyasının yeni simalarından biri kimi önə çıxmışdı.
Onun siyasi fəaliyyəti Çay Partiyası hərəkatından (Tea Party movement) sonra başlayıb və hazırkı ABŞ Prezidenti Donald Trampın yüksəlişi ilə daha da genişlənmişdi. Cəmi 18 yaşında “Turning Point”i təsis edən Kirk gənclər arasında Trampın ən fəal dəstəkçilərindən biri kimi tanınırdı. O, universitet kampuslarında və kilsələrdə seçiciləri səfərbər etmək üçün təşkilatın geniş şəbəkəsindən istifadə edirdi.
Kirk sosial mediada milyonlarla izləyicisi olan aparıcı simalardan biri idi. Gənclərlə açıq müzakirələr aparmaq, suallara cavab vermək və tez-tez populyarlaşan videolara çevrilən debatları ilə məşhurlaşmışdı. Onun Yuta Vellidəki çıxışı isə 14 şəhəri əhatə edən “American Comeback Tour” tədbirlərinin ilk dayanacağı idi.
Hadisə zamanı Kirk auditoriyadan verilən sualı cavablandırarkən atəş səsi eşidilib. Videolarda onun boynuna toxunaraq kreslodan yıxıldığı əks olunub. Tədbirdə iştirak edən keçmiş konqresmen Ceyson Çaffetz həmin anı belə təsvir edib:
“Çarli izdihamı coşdurur, papaqlar atırdı, sonra sualları cavablandırmağa başladı və qəfil güllə səsi eşidildi”.
Çarli Kirk sadəcə siyasi fəal deyil, həm də yazıçı və media siması idi. Gündəlik üç saatlıq radio verilişinə aparıcılıq edir, böyük mitinqlərdən tutmuş kiçik tədbirlərə qədər özəl mühafizə ilə iştirak edirdi.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə Kirkə gənclərin səsini qazanmaqda xüsusi roluna görə təşəkkür etmişdi. O, bu ilin may ayında Ağ Evdə keçirilən hakim Janin Pirronun andiçmə mərasimində də iştirak etmişdi.
İllinoysda doğulan Kirk 2021-ci ildə Erika Frantzve ilə ailə qurmuşdu. Onların iki azyaşlı övladı var.
Qiymət Mahir
tag: ABŞ,Çarli Kirk,Ölüm,Güllələnmə,Todaypress.tv,