ABŞ-də 30 il dondurulmuş qalan embriondan uşaq dünyaya gəldi

Dünya

02.08.2025 19:45

Amerikanın Ohayo ştatında bir ailənin övladı 30 ildən çox müddət dondurulmuş vəziyyətdə saxlanılan embriondan dünyaya gəlib. Bu, bu günə qədər qeydə alınan ən uzunmüddətli embrion saxlama və doğum halı hesab olunur.

TodayPress TV xəbər verir ki, Linda və Tim Pirs cütlüyü uzun illər sonsuzluq problemi ilə mübarizə apardıqdan sonra 1994-cü ildə bağışlanmış bir neçə embriondan istifadə edərək övlad sahibi olublar. 

Onların övladı 11 148 gün – yəni 30 ildən artıq müddət ərzində dondurulmuş vəziyyətdə olan embriondan doğulub. Ailənin həkimi bu hadisənin rekord göstərici olduğunu bildirib.

Bu proses ABŞ-də “embrionların övladlığa götürülməsi” kimi tanınan proqram çərçivəsində həyata keçirilib. Konsepsiya 1990-cı illərdən mövcuddur və son illərdə xüsusilə xristian dairələrində geniş dəstək qazanıb. Onlar embrionları məhv etməyə qarşı çıxır və onları potensial uşaq kimi dəyərləndirirlər.

Hazırda ABŞ-də doğulan uşaqların yalnız 2 faizi süni mayalanma (EKO) yolu ilə dünyaya gəlir, donor embrionlardan doğulanların sayı isə daha da azdır. Eyni zamanda, ölkə üzrə təxminən 1,5 milyon dondurulmuş embrionun saxlanıldığı qeyd olunur. Bu embrionların taleyi ilə bağlı qərarsızlıq cütlüklər arasında geniş yayılıb.

Mövzu ətrafında hüquqi mübahisələr də var. Belə ki, 2024-cü ildə Alabama ştatının Ali Məhkəməsi dondurulmuş embrionlara “uşaq” statusu verən qərar çıxarıb. Bundan sonra ştatda klinikaları hüquqi məsuliyyətdən qoruyan müvəqqəti mexanizm tətbiq edilsə də, məsələnin hüquqi tərəfləri hələ də açıq qalır.

Qiymət Mahir

tag: ABŞ,Embrio,Uşaq,Sağlamlıq,Todaypress.tv,