"Microsoft": Süni intellekt 40 işi təhlükə altına alır
Dünya
01.08.2025 10:37
“Microsoft” korporasiyası generativ süni intellektin (Aİ) 40 fərqli peşəyə təsirini araşdıran yeni tədqiqat nəticələrini təqdim edib.
TodayPress TV xəbər verir ki, “Microsoft Research” analitiklərinin hesabatına görə, ən çox süni intellektin təsirinə məruz qala biləcək peşələr sırasında tərcüməçilər, yazıçılar, tarixçilər, müştəri xidmətləri əməkdaşları, stüardlar, satış nümayəndələri, rəqəmsal proqramla idarə olunan (CNC) avadanlıq mühəndisləri, telefon operatorları, kassirlər, radio aparıcıları və DJ-lər yer alır.
Araşdırmada bu sahələrdə Aİ-nin aktiv şəkildə tətbiq olunduğu vurğulanır. Müəlliflər hesab edir ki, bu, həmin peşələrin yox olması anlamına gəlməməlidir – əksinə, bu proses insan və texnologiya arasında simbiozun güclənməsinə, məhsuldarlığın artmasına gətirib çıxara bilər.
Ekspertlərin fikrincə, Aİ mətn hazırlamaq, araşdırma aparmaq, ilkin ünsiyyət qurmaq kimi funksiyaları yerinə yetirə bilir. Lakin müəyyən sahələrdə insanı tam əvəzləməsi hələ də mümkün deyil.
“Microsoft” eyni zamanda Aİ-nin ən az təsir göstərə biləcəyi peşələri də müəyyənləşdirib. Bunlara fiziki əmək tələb edən işlər – avadanlıq operatorları, əl əməyilə çalışan mütəxəssislər, tibb işçiləri və masajçılar daxildir. Ekspertlər qeyd edir ki, toxunma və motor bacarıqları tələb edən peşələrdə Aİ-nin imkanları hələ məhduddur.
Qeyd edək ki, “Microsoft”un öz Aİ köməkçisi – "Windows" və "Edge" brauzerinə inteqrasiya olunmuş "Copilot" adlı sistem mövcuddur. Şirkətin “Azure” bulud platformasında “ChatGPT”, “DALL-E” və “Grok” kimi qabaqcıl generativ modellər də fəaliyyət göstərir.
Qiymət Mahir
tag: “Microsoft”,Süni intellekt,Peşə,Radio,Todaypress.tv,