ABŞ-də 10 yeni nüvə reaktorunun tikintisi gündəmdədir
Dünya
09.06.2025 08:00
ABŞ-nin “Westinghouse” enerji şirkəti ölkədə 10 yeni nüvə reaktorunun inşası ilə bağlı hakimiyyət orqanları ilə danışıqlar aparır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
Məlumata görə, prezident Donald Trampın 23 may tarixli fərmanlarında 2050-ci ilə qədər ABŞ-nin nüvə enerji istehsalını dörd dəfə artırmaq, 2030-cu ilə qədər isə 10 iri reaktorun fəaliyyətə başlamasını təmin etmək hədəfləri qoyulub. Həmçinin lisenziyalaşdırma prosesinin sürətləndirilməsi tapşırılıb.
“Westinghouse” şirkətinin müvəqqəti baş direktoru Den Samner bildirib ki, onların artıq təsdiqlənmiş reaktor dizaynı, sabit təchizat zənciri və Corciyada iki reaktorun inşasında təcrübəsi var. Bu, şirkətə bütün 10 obyektin tikintisini həyata keçirmək imkanı verir.
ABŞ Energetika Nazirliyi və “TD Cowen” investisiya bankının hesablamalarına görə, layihənin ümumi dəyəri təxminən 75 milyard dollar təşkil edə bilər.
“Prezidentin fərmanı birbaşa göstəriş deyil. Yeni reaktorlara investisiya qoymaq qərarını yerli kommunal şirkətlər verir və xərclər vergi ödəyicilərinə təsir etdiyindən, bu məsələ ştatların kommunal komissiyaları tərəfindən də nəzərdən keçirilməlidir. Bu isə iri reaktorların dərhal tikintisini çətinləşdirir”, – deyə “Breakthrough Institute”un nüvə texnologiyaları üzrə eksperti Adam Ştayn bildirib.
Donald Tramp may ayının sonunda mövcud reaktorlarda enerji hasilatının əlavə 5 QVt artırılmasını və bağlanmış atom elektrik stansiyalarının Pentaqonun ehtiyacları üçün yenidən işə salınması imkanlarının araşdırılmasını da tapşırıb.
Qiymət Mahir
tag: ABŞ,Nüvə,Donald Tramp,Tikinti,Todaypress.tv,