30 İyun – Dünya Asteroid Günü: Yerə yaxın 38 mindən çox asteroid izlənir
Dünya
30.06.2025 13:03
BMT-nin 2016-cı ildə qəbul etdiyi qərara əsasən hər il 30 iyun dünyada “Dünya Asteroid Günü” kimi qeyd olunur. Məqsəd asteroidlərin mümkün toqquşması halında görüləcək tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.
TodayPress TV xəbər verir ki, NASA-nın 2025-ci ilin iyun ayına olan məlumatına əsasən, Yerə yaxın asteroidlərin sayı 38,478-ə çatıb.
Onlardan 873-ü 1 kilometrdən, 11,294-ü isə 141 metrdən böyükdür. Son bir ildə Ayla Yer arasındakı məsafədən daha yaxın keçən asteroidlərin sayı 162 olub. NASA hazırda həftəlik 30–50 yeni asteroid aşkarlayır.
Təhlükə potensialı olsa da, bu anda Yerə yönəlmiş ciddi bir asteroid müşahidə olunmur. Alimlər hələlik təhlükə yarada biləcək asteroidlərin yalnız təxminən 40%-nin müəyyən edildiyini bildirirlər.
“2024 YR4” Ay üçün risk yaradır
Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, 53–67 metr diametrində olan “2024 YR4” asteroidinin 22 dekabr 2032-ci ildə Ayla toqquşma ehtimalı 4,3% təşkil edir. Asteroid ilk dəfə 2024-cü ilin dekabrında Şilidəki ATLAS teleskopu ilə aşkar edilib.
Hazırda obyekt müşahidə üçün çox uzaqdadır, lakin 2028-ci ilin iyununda yenidən görünəcək və risk səviyyəsi dəqiqləşdiriləcək.
Yeni texnologiyalarla asteroid müşahidəsi güclənir
ESA-nın mayda istifadəyə verdiyi Flyeye teleskopu asteroidlərin daha sürətli və dəqiq izlənməsinə imkan verir. NASA isə 2027-ci ilin sentyabrında buraxılması planlaşdırılan NEO Surveyor adlı yeni nəsil infraqırmızı teleskop vasitəsilə 140 metr üzəri cisimləri daha erkən aşkar etməyə hazırlaşır.
Bundan əlavə, NASA-nın 2022-ci ildə həyata keçirdiyi DART (Çifte Asteroid Yönəltmə Testi) missiyası bir asteroidin orbitini dəyişdirərək, tarixdə ilk dəfə toqquşmanın qarşısını almağın mümkün olduğunu sübut edib. ESA isə həmin asteroid sistemini daha dərindən öyrənmək üçün Hera adlı kosmik cihazı 2024-cü ilin oktyabrında fəzaya göndərib.
2025-in ən parlaq asteroid hadisələri
• 26 iyunda ABŞ-nin Cənubi və Şərqi ştatlarında müşahidə olunan meteor atmosferə girərkən 20 ton TNT gücündə partlayış yaradıb. Hadisə bəzi evlərə ziyan vurub.
• 2024-cü ilin dekabrında Van və ətrafında atmosferə daxil olan təqribən 1 metrlik asteroid gecə saatlarında güclü işıq saçaraq sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
• 6 martda Yerə 820 min km məsafədə yaxınlaşan “2025 EW1” asteroid müşahidə üçün nadir fürsət yaradıb.
• 21 mayda isə 37 metrlik “2025 DT2” Yerin 115 min km yaxınlığından keçib.
Mütəxəssislər xəbərdarlıq edir ki, asteroid təhlükələrinə qarşı erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi iqlim dəyişikliyi ilə bərabər, gələcəyin ən vacib elmi və texnoloji çağırışlarından biri olacaq.
Qiymət Mahir
tag: Dünya,Dünya Asteroid Günü,Toqquşma,Yer,Todaypress.tv,