Sloveniyada uşaqlar üçün əyləncə təşkil olundu

Diaspor

25.07.2025 17:02

Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası Lyublyana şəhərində keçirilən “Yay məktəbi” layihəsi çərçivəsində uşaqlar üçün əyləncə təşkil edib.

TodayPress TV xəbər verir ki, tədbirdə yaradıcılıq emalatxanaları, əyləncəli oyunlar, maraqlı yarışmalar, eləcə də animatorun iştirakı ilə musiqili proqram təqdim olunub.

Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının rəhbəri Taleh Qurbanov uşaqlarla görüşərək bu cür təşəbbüslərin gələcək nəsillər üçün önəmindən danışıb. O, qədim köklərə, zəngin mədəni irsə malik Azərbaycan xalqının hər zaman uşaqlara xüsusi sevgi ilə yanaşdığını vurğulayıb. Bu cür görüşlərin təkcə istirahət deyil, həm də dostluq və ortaq dəyərlərin paylaşılması üçün unikal bir imkan olduğunu bildirib. "Siz bu günün uşaqları, sabahın körpü quranlarısınız" sözləri ilə onların ölkələrarası münasibətlərin inkişafında yeni nəsil kimi formalaşacağına diqqət çəkib.

Sonda iştirakçılara Azərbaycan haqqında maarifləndirici bukletlər, müxtəlif hədiyyələr paylanılıb.

tag: Sloveniya,Uşaqlar,Əyləncə,Diaspor,Todaypress.tv,