Vətənində qadağan olunan "Labubu" ölkəmizə ayaq açır: Hansı təhlükələr var?
Cəmiyyət
25.06.2025 13:28
Çində istehsal olunan və 2015-ci ildən dövriyyəyə buraxılan "Labubu" adlı oyuncaq hazırda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da satışdadır. Lakin bu oyuncağın yaratdığı təsirlər cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olub.
Sosioloq Üzeyir Şəfiyev TodayPress TV-yə açıqlamasında bildirib ki, bu oyuncaq həm qorxu və təşviş, həm də sevinc və maraq doğuran ikiqat məzmun daşıdığı üçün insanların marağına səbəb olur.
Onun sözlərinə görə, oyuncaq bir növ "sirli qutu" təsiri bağışlayır. İnsanlar onun içindən nə çıxacağını bilmədiyi üçün almağa maraq göstərirlər.
Ekspert əlavə edib ki, bu məhsulun satış texnologiyası digər məhsulların da alıcılıq qabiliyyətini artırıb. Lakin məhz bu xüsusiyyətlərinə görə oyuncaq Çin daxilində də ciddi tənqidlərə tuş gəlib və nəticədə ölkədə qadağan olunub.
“Birincisi, bu oyuncaq aludəçilik yaradır. İkincisi, istehlak etikası baxımından da tənqid olunur. İnsanlar bu oyuncağa sahib olmaq üçün digər məhsulları da almağa məcbur qalırlar ki, bu da marketinq prinsiplərinə ziddir. Oyuncağın bu qədər məşhurlaşmasında dünya ulduzlarının onu öz gündəlik həyatlarında nümayiş etdirməsi olub. Bu da oyuncağı bir trendə çevirib”.
Sosioloqun fikrincə, oyuncağın qiymətinin süni şəkildə artırılması və onun bu formada təşviq olunması doğru deyil. O bildirib ki, psixoloqlar və marketoloqlar bu oyuncağın uşaqlarda asılılıq yaratdığını və neqativ davranışları çoxaltdığını əsas gətirərək onun əleyhinə çıxırlar.
“Rusiya psixoloqları artıq bu oyuncaqla bağlı tədqiqatlar aparır və ilkin nəticələr onun uşaqlarda aqressivliyi artırdığını, qorxu və təşviş yaratdığını göstərir. Amma eyni zamanda, bu oyuncaq bəzi hallarda qorxunu dəf etməyə və emosiyaların idarə olunmasına da müsbət təsir göstərə bilər. Bu cür məhsulların cəmiyyətə təsiri geniş şəkildə araşdırılmalı və onların mənfi təsirləri ilə bağlı vaxtında tədbirlər görülməlidir”.
Üzeyir Şəfiyev qeyd edib ki, "Labubu" öz ölkəsi olan Çində qadağan olunub. Oyuncağın gələcəkdə bazarda mövcudluğu isə aparılan elmi tədqiqatların nəticələrindən asılı olacaq.
Türkan İsgəndərli
tag: Üzeyir Şəfiyev,Sosioloq,Labubu,Oyuncaq,Todaypress.tv,
