Novella Cəfəroğlu: “Belə qadınların cəzasını ictimai işlərlə əvəzləmək lazımdır”
Cəmiyyət
02.09.2025 16:00
“Bəzi məhkum qadınların cəzasını ictimai işlərlə əvəzləmək, zərər verdikləri şəxslərə isə borclarını ödəməyə şərait yaratmaq olar”.
Hüquq Müdafiəçisi Novella Cəfəroğlu bu fikirləri TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib.
“Qadın böyük qüvvədir. Əgər desələr ki, bəzi işlər qadın üçün deyil, bilin ki, bunu qadınlardan çəkindikləri üçün deyirlər. Əsas odur ki, qadınlar özlərinə olan inamı itirməsinlər".
Hüquq müdafiəçisi qeyd edib ki, bu gün ölkəmizdə bir çox qadın eyni vaxtda 3-4 işdə çalışaraq ailəsini dolandırmağa çalışır və bu, onların nə qədər iradəli və fədakar olduqlarını göstərir.
O, həmçinin bəzi qadınların ağır sosial vəziyyət səbəbilə hüquq pozuntularına yol verdiyini qeyd edib. Onun sözlərinə görə, bəzi qadınlar dələduzluq edir və ya hansısa zorakılıq anında özünü müdafiə edərkən kiməsə xəsarət yetirirlər:
"Bu kimi hallarda alternativ cəza tədbirlərinin tətbiq edilməsi mümkündür. Belə qadınların cəzasını ictimai işlərlə əvəzləmək, zərər verdikləri şəxslərə isə borclarını ödəməyə şərait yaratmaq olar. Bu, həm onların, həm də cəmiyyətin xeyrinə olar", - deyə Novella Cəfəroğlu fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Novella Cəfəroğlu,Hüquq müdafiəçisi,Qadınlar,Cəza,Todaypress.tv,