Gömrük borcunun ödənilməsi ilə bağlı QAYDA DƏYİŞDİ

Cəmiyyət

27.06.2025 14:30

"Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, başqasının əvəzinə gömrük borcunun ödənilməsi mümkün olmayacaq".

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat yayıb.

O bildirib ki, bu dəyişikliklər gömrük borclarının ödənilməsi sahəsində məsuliyyətin konkretləşdirilməsinə xidmət edir:

“Hazırkı qanunvericiliyə əsasən, gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilərdi. Bu isə məsuliyyətin qeyri-müəyyən şəkildə bölgüsünə səbəb olurdu. Təcrübədə bu, istintaq və hüquqi proseslər zamanı çətinliklər yaradırdı. Çünki “istənilən maraqlı şəxs” ifadəsi kifayət qədər geniş və qeyri-müəyyən hüquqi anlam daşıyır. Beynəlxalq praktikada isə məsuliyyət “məsul olan istənilən şəxs” prinsipi əsasında tənzimlənir”.

Yeni qanun layihəsinə əsasən, gömrük ödənişləri yalnız borclu olan şəxs tərəfindən və ya müvafiq hüquqi təminat üsulları ilə – girov, bank qarantiyası, sığorta müqaviləsi, üçüncü şəxsin zaminliyi və s. vasitəsilə ödənilə bilər. Bu yanaşma həm hüquqi məsuliyyəti dəqiq müəyyən edir, həm də gömrük borcunun şəffaf şəkildə ödənilməsini təmin edir.

Deputatın sözlərinə görə, bu qaydalar fiziki şəxslərin kommersiya məqsədi daşımayan malları gömrük sərhədindən keçirməsi zamanı yaranan gömrük ödənişlərinə də şamil olunacaq. 

“Yeni dəyişikliklər nəticəsində gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlərin yalnız hüquqi borclu tərəfindən ödənilməsi təmin olunacaq və bu, həm də gömrük və vergi qanunvericiliyinə əməl edilməsini gücləndirəcək”, - deyə millət vəkili vurğulayıb.

Töhfə Səməd

tag: Vüqar Bayramov,Deputat,Gömrük,Borcu,Todaypress.tv,

photo