Cibinizdə bu cihaz varsa, DİQQƏT! Səhvən CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ!

Cəmiyyət

03.04.2026 16:09

"2026-cı ilin 1 aprel tarixindən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib".

“Azad İstehlakçılar“ İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, ölkəmizdə 08.06.2001-ci ildə  “Tütün və tütün məmulatları haqqında” Azərbaycan  Respublikasının Qanunu qəbul olunub, bu müddət ərzində tütündən istifadənin daha da məhdudlaşdırılması üçün Qanunda bir neçə dəfə dəyişiklik aparılıb və son dəyişiklik 2026-cı ilin 1 fevral tarixində olub:

"Qanunda olan son dəyişikliyə görə, 2026-cı ilin 1 aprel tarixindən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib. Qeyd etdiyimiz kimi, bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna müvafiq dəyişiklik edilib. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə otuz manat məbləğində cərimə əlavə olunub".

E.Hüseynov əlavə edib ki, AİİB ölkəmizdə müvafiq qanun qəbul edildiyi zamandan başlayaraq istehlakçılar arasında tütündən istifadənin azaldılmasına dair geniş maarifləndirmə işi aparıb, daha təhlükəli filtrsiz siqaret istehsal edən 4 müəssisənin fəaliyyətinin dayandırılmasına nail olub, adi və elektron siqaretlərin zərərli olduğu barədə müntəzəm maarifləndirmə aparıb.


Onun sözlərinə görə, qanunda edilmiş  son dəyişikliklə əlaqədar tütün istifadəçisi olan istehlakçılar və qanunun icrasına nəzarəti həyata keçirən müvafiq dövlət qurumlarının nümayəndələri bilməlidirlər ki, qadağa yalnız elektron siqaretlərə aiddir və qızdırılan tütün məmulatlarına şamil olunmur. Sədr bildirib ki, bu məhsullar qanunvericilikdə iki ayrı kateqoriya kimi müəyyən edilib. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununa elektron siqaretləri qızdırılan tütün məmulatlarından ayırmaq məqsədilə iki maddə əlavə olunub:

"1.0.4-1. qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir.

1.0.4-2. elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş, müştük və digər komponentləri, o cümlədən kartrici və flakonu olan yaxud olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər".

Eyyub Hüseynov xatırladıb ki, elektron siqaret qadağası qızdırılan tütün məmulatlarına (məsələn, Terea) və onların cihazlarına (məsələn, IQOS) şamil olunmur.

Sədr, həmçinin AİİB-ə qızdırılan tütün məmulatlarının "Tütün və tütün məmulatı haqqında" qanunla qadağan olunmayan yerlərdə istifadəsinə görə polis tərəfindən cərimə olunma halları ilə bağlı da məlumatlar daxil olduğundan bəhs edib:

“Qızdırılan tütün məmulatları səhvən elektron siqaret hesab edilir və onun istifadəçiləri cərimə olunurlar. Lakin qızdırılan tütün məmulatlarından qanunla qadağan olunmamış yerlərdə istifadə heç bir hüquqi məsuliyyət yaratmır”. 

Aysel Mətləb

TodayPress TV

tag: Eyyub Hüseynov,Ekspert,AİİB,Elektron siqaret,Qadağa,Todaypress.tv,