Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı

Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı
02.06.2026 18:40 В мире

ABŞ Prezidenti Donald Tramp 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Sammitində iştirak etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Sinqapur səfəri çərçivəsində "Bloomberg TV"yə müsahibəsində danışıb.

ABŞ liderinin NATO Ankara Sammitində iştirakı ilə bağlı suala o belə cavab verib:

"Bildiyimiz qədərilə bəli, iştirak etməyi planlaşdırır".

Hakan Fidan, Prezident Ərdoğanın ötən ay bir neçə dəfə telefonla danışdığı Trampın hər dəfə sammitə qatılacağını qeyd etdiyini bildirib.

Fidan siyasi ritorikalara baxmayaraq, ABŞ-nin alyansa sadiqliyini davam etdirdiyini və NATO-dan çıxa biləcəyi ilə bağlı xəbərdarlıqları reallaşdırmağı planlaşdırdığına dair heç bir əlamət nümayiş etdirmədiyini vurğulayıb:

"ABŞ müttəfiqlərinə müdafiə xərclərini artırmaları və öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət götürmələri barədə daim təzyiq göstərir. Avropalılar mesajı aldılar və NATO daxilində müdafiə büdcələrini artırmaq üçün artıq addımlar atıblar. Liderlər bir araya gəldikdə əldə olunmuş tərəqqini nəzərdən keçirəcəyik".

Aysel Mətləb

TodayPress TV