MÜHÜM ÇAĞIRIŞ: “Bu problem həll olunmasa, turistlər ölkədən gedəcək”

Turizm

16.06.2025 11:32

Azərbaycanda turizm sahəsində ən çox müzakirə olunan mövzulardan biri daxili istirahətin baha başa gəlməsi və hotellərin qiymətidir. 

Turizm üzrə ekspert Samir Dübəndi TodayPress TV-yə açıqlamasında bildirib ki, insanların istirahət üçün seçimləri bir çox amillərin və ümumi xərclərin cəminə əsaslanır:   

Onun sözlərinə görə, yalnız hotellərin qiymətlərini əsas götürərək daxili və xarici səfərləri müqayisə etmək yanlış və dar çərçivəli yanaşmadır:   

"İstirahət təkcə bir otaqda gecələmək deyil, bu bir təcrübədir, komfortdur, təmas və məmnuniyyətdir. Azərbaycanda istirahət mövsümü əsasən yay aylarına təsadüf edir və bu qısa mövsüm ərzində gəlir əldə etmək istəyi qiymətləri süni şəkildə artırır. Bir çox regionlarda alternativ hotel və xidmət variantları azdır, bu da qiymət siyasətinə birbaşa təsir edir. Hotel biznesində enerji, işçi qüvvəsi, ərzaq və logistik xərclər yüksəkdir. Bəzi hotellər isə real xidmət səviyyəsinə uyğun gəlməyən qiymətlərlə çıxış edir".

Ekspert bildirib ki, digər ölkələrdə, məsələn Türkiyə və Misirdə daxili turizmi stimullaşdırmaq üçün hotel sektoruna vergi güzəştləri, subsidiyalar və turpaket təşviqləri tətbiq olunur. Azərbaycanda isə bu cür dəstək sistemi geniş tətbiq olunmur. Nəticədə, hotel sahibləri bütün xərcləri birbaşa müştərinin üzərinə qoymağa məcbur qalırlar.

O, çıxış yolunu turizm sahəsində daha aktiv və sistemli siyasət aparılmasında görür. Onun təklifləri arasında daxili turizm üçün ailəvi kupon sistemləri, hotel və iaşə müəssisələrinə vergi və enerji subsidiyaları, uyğun büdcəli fərdi paketlərin yaradılması, mövsümdənkənar endirim kampaniyaları və alternativ marşrutların təşviqi kimi addımlar yer alır. 

“Azərbaycan turizmi qiymət məsələsini müzakirə edərkən təkcə hotel sahiblərini deyil, ümumi turizm ekosistemini, nəqliyyatdan tutmuş bələdçilik xidmətlərinə qədər kompleks şəkildə nəzərə almalıdır. Əgər bu struktur problemlər həll olunmasa, yerli turistlərin xarici ölkələrə axını daha da artacaq", - deyə Samir Dübəndi yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Samir Dübəndi,Ekspert,Turist,Problem,Todaypress.tv,

photo