Yaxın Şərqdə qarşıdurma yeni səviyyədə: Kimlər yararlanacaq?
Təhlil
24.06.2025 12:20
“İsrail və İran arasında baş verən gərginlik artıq yalnız bu iki dövlətlə məhdudlaşmır və daha geniş geosiyasi miqyas alır”.
Politoloq Samir Hümbətov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, münaqişə tədricən ABŞ-Rusiya və ümumilikdə Qərb-Şərq qarşıdurması kontekstinə keçir:
“Mövcud vəziyyət nə region, nə də ümumiyyətlə dünya üçün pozitiv perspektiv vəd edir. Qarşıdurmalar dərinləşir və artıq ciddi problemlər özünü göstərməyə başlayır. Rusiyanın bu proseslərə daha aktiv şəkildə qoşulması qlobal miqyasda gərginliyin artacağından xəbər verir”.
Analitik hesab edir ki, Rusiya diqqətini İran-İsrail qarşıdurmasına yönəldərsə, bu, Ukrayna üçün müəyyən taktiki imkanlar yarada bilər. Lakin bu imkanlar yalnız Qərbin dəstəyi və Ukraynanın hərbi potensialının artırılması ilə reallaşa bilər.
“Ukraynanın üstünlük əldə edəcəyini demək çətindir, lakin cəbhədə müəyyən tarazlıq yarana bilər. Amma bu proses Qərbin Ukraynaya silah və texnika təminatını sürətləndirməsi ilə mümkün olacaq. Əks halda, bu yalnız nəzəri ehtimal olaraq qalacaq”.
Sonda Samir Hümbətov xəbərdarlıq edib ki, yaranmış vəziyyət ciddi şəkildə nəzarət tələb edir və beynəlxalq ictimaiyyət regional münaqişənin qlobal fəlakətə çevrilməsinin qarşısını almaq üçün aktiv mövqe sərgiləməlidir.
Qeyd edək ki, İran-İsrail və ABŞ arasında baş verən gərginlikdə Rusiya İranı dəstəklədiyini açıq formada bəyan edib. Ukrayna tərəfi isə İranı kəskin qınayıb və ABŞ-nin tələblərinə əməl etməyə çağırıb.
Töhfə Səməd
tag: Samir Hümbətov,Politoloq,Yaxın Şərq,Qarşıdurma,Todaypress.tv,
