Türkiyə yaraqlanır: Ankaranın yeni güc strategiyası İsrailə yönəlib?

Təhlil

28.10.2025 16:02

Türkiyə Böyük Britaniyadan 44 ədəd “Tayfun” qırıcı təyyarəsi almaq üzrə müqavilə imzalayıb. 


“Röyters” yazır ki, Ankara bu addımla İsrail qarşısında hərbi üstünlüyünü artırmaq və NATO-nun şərq cinahında mövqeyini gücləndirmək istəyir.

Maraqlıdır, Türkiyənin bu addımının İsrailə qarşı hərbi üstünlük və müdafiə məqsədi daşıması nə dərəcədə realdır?  


Bu anlaşma Türkiyənin regional güc balansındakı rolunu necə dəyişə və NATO daxilində hansı yeni siyasi mesajları verə bilər?     

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, Türkiyə hava gücünü regional üstünlüyə çevirir: 


"Son illərdə Türkiyənin yerli hərbi sənayesi, xüsusilə pilotsuz uçuş aparatları və döyüş təyyarələrinin hazırlanması sahəsində böyük inkişaf əldə edib. Ankara qarşıdakı illərdə həm müdafiə, həm də hücum qabiliyyətini artırmağı hədəfləyir. Hər bir ölkə kimi, Türkiyə də hava məkanının müdafiəsini gücləndirməyi strateji prioritet hesab edir".

Ekspert qeyd edib ki, Türkiyə F-35 əvəzində KAAN və “Typhoon”a yönəlir:


"2028-ci ildə yerli istehsal olan KAAN qırıcı təyyarəsinin inventara daxil ediləcəyi gözlənilir. Bu istiqamətdə atılan addımlar Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması nəticəsində ABŞ-nin tətbiq etdiyi sanksiyalardan sonra daha da aktuallaşıb. Məhz həmin sanksiyalar çərçivəsində Türkiyənin F-35 proqramında iştirakı dayandırılıb. Bunun ardınca, Ankara alternativ olaraq “Eurofighter Typhoon” təyyarələrinin alınması planını gündəmə gətirib".


Analitikin sözlərinə görə, Ankara Egey səmasında balansı bərpa etməyə çalışır:  

"Eyni zamanda Türkiyə ABŞ-dən F-16 "Block 70" qırıcı təyyarələrinin alınması üçün danışıqlar aparsa da, prosesdə ciddi irəliləyiş müşahidə olunmur. Qarşıdakı üç ildə regional təhlükələrin artması, xüsusilə Yunanıstan və Cənubi Kiprin silahlandırılması, Türkiyə üçün ciddi təhlükə kimi qiymətləndirilir. Yunanıstanın "Rafale" qırıcılarını alması ilə bölgədə tarazlığın pozulduğu barədə iddialar səslənsə də, Türkiyənin “Typhoon” təyyarələrinə sahib olması bu fərqi azalda bilər". 

O, həmçinin əlavə edib ki, “Typhoon”lar Türkiyəyə təhlükələrə qarşı əlavə dayaq verir: 

"Bununla yanaşı, İsrailin Yaxın Şərqdə, eləcə də Türkiyəyə yaxın ərazilərdə həyata keçirdiyi hərbi əməliyyatlar da Ankara üçün əlavə təhdid yaradır. Hava üstünlüyünü qorumaq Türkiyənin hərbi strategiyasında əsas hədəflərdən biri olaraq qalır.

Bununla belə, “Typhoon” təyyarələrinin alınması, İsrail kimi beşinci nəsil F-35 qırıcılarına və yalnız ABŞ-yə məxsus F-22 Raptor təyyarələrinə sahib ölkələr qarşısında hərbi balans yaratmaq üçün kifayət deyil. Çünki “Typhoon”lar dördüncü nəsil təyyarələr sayılır və görünməzlik, radar və raket texnologiyaları baxımından beşinci nəsil təyyarələrdən geri qalır. Lakin bu alış strateji çəkindirmə və müdafiə potensialının gücləndirilməsi baxımından əhəmiyyətlidir".

Ekspert bu prosesin qlobal fazada güc balansına kifayət etmədiyini vurğulayıb:

" “Typhoon”ların alınması Türkiyənin hava gücünü artırsa da, qlobal güclərlə müqayisədə hava üstünlüyünü tam tarazlaşdırması üçün kifayət deyil. Bununla belə, bu addım Ankaraya bölgədə hava mübarizəsində daha əlverişli mövqe qazandıra bilər". 

E.Səftərov son olaraq əlavə edib ki, Türkiyənin səma oyununu köklü şəkildə dəyişmək imkanı var:

"Əgər Türkiyə beşinci nəsil milli layihəsi olan KAAN təyyarəsini vaxtında və uğurla reallaşdıra bilsə, bu, regionda güc balansını əhəmiyyətli dərəcədə dəyişə bilər. Uğursuz F-35 təcrübəsindən sonra Türkiyənin ABŞ-dən kənar, xüsusilə Avropa müdafiə bazarlarına yönəlməsi də bu strategiyanın bir hissəsidir.

Bundan əlavə, Qətərin Türkiyədə “Typhoon” təyyarələrinin olması da Ankaranın bu təyyarələri yaxından tanımasına və onların üstünlüklərini, eləcə də zəif tərəflərini təhlil etməsinə imkan yaradıb". 

Jalə Rövşən 

TodayPress TV

tag: Elmir Səftərov,Siyasi şərhçi,Türkiyə,Silahlanma,Todaypress.tv,