Proqnoz: ABŞ-Yaponiya münasibətlərində yeni mərhələ başlayır

Təhlil

25.09.2025 15:47

ABŞ Prezidenti Donald Tramp oktyabrın sonunda Yaponiyaya səfər etməyi planlaşdırır. 

Hazırda səfərin dəqiq tarixləri razılaşdırılır.

Trampın oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək “APEC” sammitinə gedərkən Yaponiyada dayanacağı gözlənilir.

Bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Polad Mehdiyevin sözlərinə görə, səfər ABŞ-Yaponiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

"Gözləntilər əsasən üç istiqamətdə cəmlənir. İlk növbədə, ticarət məsələləri gündəmdə olacaq. İyulda razılaşdırılmış 15%-lik tarif tavanı və böyük həcmli investisiya paketi müzakirə ediləcək. Yaponiyanı xüsusilə avtomobil, polad və alüminium sahələrində əlavə güzəştlər gözləyir".

Analitikin sözlərinə görə, digər mühüm mövzu iqtisadi təhlükəsizlikdir. Çiplər, dərman preparatları, kritik minerallar və enerji sahəsində ABŞ istehsalının dəstəklənməsi, həmçinin yeni texnoloji layihələrdə Yapon kapitalının iştirakı nəzərdə tutulur.

Müdafiə və regional sabitlik məsələsinə toxunan ekspert bildirib ki, Şimali Koreya təhdidləri, Tayvan boğazı və Şərqi Çin dənizində vəziyyətlə bağlı əməkdaşlığın gücləndirilməsi, Yaponiyanın yeni raket və müdafiə imkanlarına ABŞ-nin dəstəyinin artırılması gözlənilir.

"Səfər çərçivəsində konkret sənaye layihələri, yeni müdafiə proqramları və ABŞ-Yaponiya-Cənubi Koreya üçtərəfli mexanizmlərinin irəlilədilməsi ilə bağlı açıqlamalar verilə bilər. Bununla yanaşı, Çin faktoruna qarşı balanslı siyasət də vacib hesab olunur".

Ümumilikdə Trampın Tokio səfəri Vaşinqtonla Tokionun həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində əməkdaşlığını dərinləşdirmək üçün mühüm siqnal kimi qiymətləndirilir.

Jalə Rövşən

TodayPress TV

tag: Polad Mehdiyev,Siyasi şərhçi,ABŞ,Yaponiya,Todaypress.tv,

photo